Xaçvarı tikiş iynənin soldan sağa doğru hərəkətilə alınır. İynəni qatlanan hissədən tam 0,1—0,2 sm məsafə arası və əsas hissədən isə qalınlığının yarısına qədər keçirirlər. İynəni sağdan sola doğru qatlanan və əsas hissələrə növbə ilə keçirirlər. Bu zaman parçanın sökülmə dərəcəsindən asılı olaraq iynəni hissənin kəsiyindən 0,3—0,5 sm aralı keçirirlər (şəkil 3).
Köbənin biçilməsi. Öyrənmək lazım gələn növbəti əl ilə yerinə yetirilən tikiş əməliyyatı köbənin biçilməsidir.
Köbə elə parça hissəsidir ki, ondan detal kəsiyinin emalı zamanı istifadə olunur. Köbə eninə və yaxud çəpinə istiqamətdə (düz köbə) və 45 dərəcə bucaq altında biçilə bilər (çəpəki köbə).
Düz köbəni biçmək üçün parçanın en kəsiyindəki əyriliyi çıxarmaq, parçanı mümkün olduğu qədər düz kəsmək lazımdır.
Parçanı qatlayıb, en kəsiyi istiqamətində parçanın kənarına ən yaxın yerdən bir sap çıxarmaq lazımdır. Bundan sonra çıxarılmış sapın izi ilə diqqətlə əyri kənarı kəsib çıxarmaq lazımdır (şəkil 4).
En kəsiyindən köbənin uzunluğunu müəyyənləşdirib, xəttboyu köbəni qeyd etmək lazımdır (şəkil 5).
Parçanı qeyd olunmuş xətt boyunca kəsmək lazımdır. Çəpəki köbənin biçilməsi üçün parçanı elə qatlamaq lazımdır ki, onun kənar haşiyələri və en kəsiyi düz bucaq əmələ gətirsin. O zaman parçanın qatı 45 dərəcə bucaq altından keçəcək (şəkil 6).