Sintetik parçalar poliefir, poliamid və poliakrilonitril liflərdən emal edilir. Sintetik parçalar bir-birindən kimyəvi tərkibi, bəzi xüsusiyyətləri və yanma xarakteri ilə fərqlənir.
Müxtəlif ölkələrdə sintetik lifləri müxtəlif cür adlandırır, buna görə də ən geniş yayılmış lif və parçalarla tanış olaq.
Poliefir liflərdən poliester, lavsan, krimplen (şəkil 3) parçalar alınır.
Şəkil 3. a — poliefir liflər; b — poliefir liflərdən alınmış parçalar
Poliefir liflərdən alınmış parçalar yumşaq, elastik və möhkəmdir. Onlar, demək olar ki, əzilmir, qızdırılma zamanı qat və plisseləri yaxşı saxlayır, gündə ağarmır, güvə və mikroorqanizmlərlə zədələnmir.
Yanma zamanı poliefir liflər iysiz əriyir, bərk kürəcik əmələ gətirir.
Poliamid liflərdən neylon, kapron, dederon parçalar istehsal edilir. Poliamid liflər bütün sintetik liflərin ən möhkəmidir (şəkil 4).
Şəkil 4. a - poliamid lif, b - poliamid parça, c -poliamid döşəmə örtüyü
Bu liflərdən hazırlanmış parçalar hamar səthə malikdir, cırılmaya və sürtülüb yeyilməyə davamlıdır, ağarmır və az əzilir, güvə və mikroorqanizmlərlə zədələnmir.
* Plisse (fransızca plisse - “qırış, büzmə”) - kiçik, mexaniki preslənmiş, tikişsiz büzmə şəklində, ya yastı və ya qarmon kimi çıxıntısı olan dekorativ geyim elementidir.