Süni və sintetik liflərdən hansı parçalar alınır? |
Şəkil 1. a — viskoz liflər; b — viskoz liflərdən alınmış parça
Liflərin işlənməsi. Alınan saplar yuyulma, qurudulma, burulma, termiki emal (burulmanı bərkitmək üçün) mərhələlərini keçir. Bəzi liflər ağardılır, rənglənir və yumşaqlıq vermək üçün sabun məhlulunda emal edilir. Süni parçalar viskoz liflərdən alınır (şəkil 1).
Viskoz lifləri küknar ağacı oduncağı yonqarından heç bir qatışıq əlavə edilmədən alınır. Təyinatından asılı olaraq viskoz parıltılı və ya tutqunsəthli ola bilər. Liflərin parıltısını, qalınlığını və burulmasını dəyişməklə viskoz parçasına ipək, pambıq və ya yun görüntüsü vermək olar. Qalınlaşdırılmış viskoz saplardan istifadə etməklə isə kətan görüntüsü almaq olar.
Viskoz parçalar möhkəmliyinə görə təbii ipəkdən geri qalır. Amma bununla yanaşı, kifayət qədər davamlı viskoz parçalar da istehsal edilir. Yaş vəziyyətdə belə parçaların möhkəmliyi 50-60% aşağı düşür. Viskoz pambığa nisbətən nəmi daha yaxşı hopdurur, amma davamlılıqda ondan geri qalır.
Şəkil 2. a — asetat lifi; b — asetat lifdən parça
Viskoz lifləri kətan və pambıq lifləri kimi yanır - tez alışır, alovu düz, parlaq olur və yanmış kağız iyi verir. Yanandan sonra yerində tez dağılan açıqboz rəngli kül qalır. Viskoz lifləri bitki liflərindən fərqli olaraq qələvi və turşuların təsirinə həssasdır.
Asetat və üçasetat liflər təmiz sellülozdan yox, asetilsellülozdan hazırlanır. Xammal qismində oduncaq və pambıq tullantıları işlədilir. Asetat və üçasetat liflərdən alınmış ipək parçalar xarici görünüşlərinə görə təbii ipəyə çox oxşayır və parlaq səthə malik olur.
Asetat və üçasetat liflərdən olan parçalar nəmi pis hopdurur, amma tez quruyur. Onlar viskoz parçalara nisbətən daha az möhkəmliyə malikdir, amma daha elastikdir, buna görə də onlardan alınan parçalar əzilmir, plisse* edilərkən formalarını yaxşı saxlayırlar. Asetat parça yüksək qızdırılmaya tab gətirmir və 210 dərəcədə əriyir. Üçasetat isə istiliyə daha dözümlüdür, onun ərimə temperaturu 300 dərəcədir. Asetat və üçasetat lifləri tez yanır və bu zaman qonur, xırda, sirkə iyi verən kürəciklərə çevrilir.
* Bobin - ip, məftil, sap və s. sarımaq üçün makara