Nanə isə pitinin üzərinə süfrəyə verilməzdən əvvəl zövqə uyğun əlavə edilir.
Şəkil 1. Piti
Küftə-bozbaş. Qoyun ətinin sümüklərindən hazırlanmış bulyona düyü qatılmış böyük küftələr, noxud, kartof və ədviyyat əlavə edilir. Hər küftənin içərisinə bir alça qurusu qoyulur. Bişirilmənin sonuna 10—15 dəqiqə qalmış, zəfəran, duz və istiot əlavə edilir və hazır olana qədər bişirilir. Süfrəyə veriləndə üzərinə nanə qurusu səpilir (şəkil 2).
Düşbərənin hazırlanması üçün bərk xəmir yoğrulur və 1 mm qalınlığında yayılır. Bərabərölçülü kvadratlara bölünür. Qoyun əti soğanla birlikdə ət maşınından keçirilir. Hazır farşa duz və istiot əlavə edilir. Hər kvadratın ortasına 2-3 qr ət qoyulub bükülür. Qoyun ətinin sümüklərindən hazırlanmış ət suyunda 5 dəqiqə bişirilir. Süfrəyə düşbərə ilə birlikdə xüsusi qablarda sarımsaqlı sirkə verilir. Düşbərənin üzərinə təzə keşniş və yaxud nanə qurusu səpilir (şəkil 3).
Dovğa qatığa az miqdarda un, düyü, yumurta və su əlavə edilməklə hazırlanır. Çürüməsin deyə, gur odun üzərində fasiləsiz qarışdırılaraq bişirilir. Məhlul qaynayanda xırda doğranmış göyərti və soyuduqdan sonra duz əlavə edilir (şəkil 4).