23-cü mövzu
Sağlam qidalanma son dövrlərin ən çox müzakirə edilən mövzusudur. Elə bu səbəbdən də şorbalar insanın qida rasionunda getdikcə daha mühüm yer tutmağa başlayıb. Hətta bir çox ölkələrdə ixtisaslaşmış “Şorba” restoranları fəaliyyət göstərir. Belə restoranlarda müştərilərə 100-dən artıq çeşiddə şorba təklif edilir. Şorba orqanizm üçün olduqca faydalıdır. O, həzm prosesini qaydaya salır və bədənin qidalı maddələrə və vitaminlərə olan tələbatını ödəyir. Müxtəlif xəstəliklər zamanı tövsiyə edilən toyuq və tərəvəz şorbaları asan həzm edilir və orqanizmin itirilmiş gücünü bərpa edir.
Şorba nədir və onun hansı növləri var? |
Şorba bulyon* əsaslı duru yeməkdir.
Şorbanın əsas üstünlüyü tərkibinin 50%-nin sudan ibarət olması və ərzaqların suda qaynama üsulu ilə bişirilməsidir. Şorba nahar zamanı qəbul edilən birinci isti yeməkdir. Elə bu səbəbdən onun adı “birinci” yemək kimi tanınıb. Amma şorba heç də naharın əsas hissəsi deyil, çünki onun qida dəyəri aşağıdır. Şorbanı vitaminlərlə zənginləşdirmək üçün ona yerkökü, baş soğan, kərəviz, yaşıl soğan və sarımsaq əlavə edilir. Şorbalara xoş dadı və ətri isə qara istiot, dəfnə yarpağı, sarıkök və s. ədviyyat verir.
Şorbalar temperaturuna görə isti və soyuq olur. İsti şorbaların hazırlanma üsuluna görə şəffaf, qatışıqlı və püreşəkilli növləri var.
Şəffaf şorbalar ət, toyuq və balıq bulyonunda hazırlanmış duru yeməklərdir. Onların tərkibində çoxlu sayda iştahaaçan maddələr var. Belə şorbalar tərəvəz, düyü, vermişel və s. əlavə edilmədən bişirilir və süftəyə bulyon fincanlarında verilir.
Şəffaf şorbaların qidalılığını artırmaq məqsədilə onlara qarnir əlavə etmək olar. Bu zaman qarnir əvvəlcədən bişirilib hazırlanmalı, yalnız şəffaf şorba süfrəyə verilərkən ona əlavə edilməlidir. Qarnir kimi xırda küftə, bişirilmiş düyü, vermişel, yumurta və s. istifadə edilə bilər.
Qatışıqlı şorbalara bişirilmənin sonuna yaxın un, tərəvəz (soğan, yerkökü, göyərti), dənli bitkilər və makaron məhsulları, həmçinin xama və tomat pastası əlavə edilir. Belə şorbalarda tərəvəz birbaşa qaynayan şorba məhluluna əlavə edilir. Unutmaq olmaz ki, tərəvəzlər bişmə müddəti nəzərə alınmaqla şorbaya müəyyən ardıcıllıqla əlavə edilməlidir. Şorbanın gözəl görünməsi üçün tərəvəzlər müəyyən edilmiş qaydada doğranmalıdır.
* Bulyon - ət suyu