1-ci mövzu
Hər bir şagird ictimai yerlərdə mədəni davranış və ünsiyyət qaydalarını bilməlidir. Bu qaydalara riayət etmək hamının borcudur.
Bəs bu hansı qaydalardır? |
Küçədə davranış və ünsiyyət qaydaları:
• Səkinin sağı ilə getməyə çalışın. Başqalarına mane olmamaq üçün çantanızı sağ əlinizdə aparın.
• Dar səkidə özünüzdən böyüklərə yol verin.
• Küçədə gedərkən oğlan qızdan solda olmalıdır. Yol gedənlərdən biri oğlan, ikisi qız olarsa, oğlan ortada, əgər ikisi oğlan, biri qız olarsa, qız ortada getməlidir. Digərlərinin sərbəst hərəkətinə mane olmamaq üçün dörd və daha çox piyada cərgə ilə getməməlidir. Belə halda iki və ya üç nəfərdən ibarət qruplara bölünmək məsləhətdir.
• Küçədə ucadan danışmaq və gülmək, özünü səs-küylü aparmaq, ətrafdakılara irad bildirmək, yerə zibil (konfet, dondurma kağızları, saqqız və s.) atmaq olmaz.
• Yol gedənlərə mane olmamaq üçün əl-qol atmayın. Əgər təsadüfən belə hərəkət etmisinizsə, narahat etdiyiniz insanlardan üzr istəyin. Heç bir halda münaqişə yaratmayın, başqalarını bağışlamağı bacarın. Kimin təqsirkar olmasından asılı olmayaraq, küçədə toqquşduğunuz şəxsə yerə düşən əşyaları götürməyə kömək edin.
• Küçədə rast gəldiyiniz tanışlarla birinci siz salamlaşın. Özünüzdən böyüklərə birinci əl uzatmayın. Onlar əl verib sizinlə görüşənə qədər gözləyin. Əl verdikdə mütləq əlcəyinizi çıxardın. Əgər kimsə salamınıza cavab verməsə, inciməyin, insan fikirli ola bilər.
• Yolda təsadüfən rastlaşdığınız tanışınızla söhbət etmək üçün kənara çəkilin və yol gedənlərə mane olmayın.
• Nəyi isə öyrənmək zəruriyyəti yarandıqda, məlumat almaq istədiyiniz şəxsə əvvəlcə salam verin, sonra getmək istədiyiniz ünvanı soruşun. Göstərdiyi köməkdən asılı olmayaraq, sonda təşəkkür etmək lazımdır.