Maye kimi axıcılıq qabiliyyəti - metalların ərimiş halda tökmə qəlibini doldurmaq xüsusiyyətidir.
Qara metalların ən çox yayılmış ərintisi poladdır. O bərkdir, yaxşı döyülür və kəsilir. Poladdan maşınlar, dəzgahlar və müxtəlif kəsici alətlər hazırlanır.
Dəzgahların özülləri, hasarlar, mexanizmlərin gövdələri və bir çox başqa məmulatlar çuqundan tökülür. Poladdan fərqli olaraq, çuqun sərt, lakin kövrəkdir.
Ən çox yayılmış əlvan metallar alüminium, mis və qurğuşundur.
Alüminium - yüngül və yumşaq gümüşü metaldır.
Mis - ağır, nisbətən yumşaq, qırmızımtıl metaldır.
Qurğuşun - ağır, çox yumşaq, gümüşü metaldır.
Geniş istifadə olunan əlvan ərintilərə latun, bürünc, düralüminium daxildir.
Latun - misin sinklə ərintisidir. Sarı rəngə malikdir. Elektrotexnikada cərəyan keçiricisi və korroziyayadavamlı ərinti kimi istifadə olunur.
Bürünc - misin qurğuşun, alüminium və qalayla birlikdə ərintisidir. Sarı-qırmızı rəngə malikdir. Bürüncdən su kranları, dişli çarxlar hazırlayır, sənət məmulatları tökürlər.
Düralüminium - alüminiumun mis, maqnezium və sink ilə birlikdə ərintisidir. Gümüşü rəngə malikdir. Yüngül bir ərinti olaraq, aviasiyada, eləcə də müxtəlif məqsədlər üçün yüngül və davamlı konstruksiyaların istehsalı üçün istifadə olunur.
Sənayedə qara və əlvan metallardan, ərintilərdən ibarət profilli prokatlardan* geniş istifadə olunur (şəkil 1).
* Prokat — yayma üsulu ilə hazırlanan müəyyən profilli metal məmulatdır.