Nəticədə, bimetal və kontakt lövhələr arasındakı ara məsafəsi dəyişir. Bu isə ütünün kontaktlarının qapanması və açılması arasındakı vaxta təsir edir. Əgər ara məsafə azdırsa, bimetal lövhə kontaktları aşağı temperaturda açır və əksinə, böyükdürsə, ütünün altı daha yüksək temperatura qədər qızır. Bir çox ütülərdə siqnal lampası vardır. O, qızdırıcı element şəbəkəyə qoşulanda yanır, açılanda isə sönür. Verilən temperatur nə qədər aşağıdırsa, siqnal lampasının yanıb-sönməsi arasındakı fasilə bir o qədər çox olur.
Təhlükəsizlik və sanitariya qaydaları |
• İşə başlamazdan əvvəl elektrik şnurunun sazlığını yoxlamaq lazımdır!
• Ütü ilə işləyərkən rezin və ya taxta altlıq üzərində dayanmaq lazımdır!
• Ütünü çəngəlin gövdəsindən tutaraq quru əllə cərəyan mənbəyinə qoşmaq və ayırmaq lazımdır!
• Ütüləmə arasındakı qısa fasilələrdə ütünü xüsusi altlıq üzərinə qoymaq lazımdır!
• İsti ütünün altının şnura toxunmamasına nəzarət edilməlidir!
• İstilik tənzimləyicisini parçanın növünə uyğun olaraq düzgün qurulmasına diqqət yetirmək lazımdır!
Diqqət! Elektrik şəbəkəsinə qoşulmuş ütünü nəzarətsiz saxlamaq qadağandır! Bu, yanğına gətirib çıxara bilər.
Ütünün altı təmiz olduqda o, parçanın üzəri ilə rahat sürüşür və ütüləmə keyfiyyətli alınır. Elə bu səbəbdən ütünü vaxtaşırı təmizləmək lazımdır.
• Ütünün altının çirklənməsinin qarşısının alınması üçün ütüdən hər dəfə istifadə etdikdən sonra, onun altını yumşaq nəm əsgi ilə silmək məsləhət görülür.
• Ütünün altını xüsusi karandaşın köməyi ilə təmizləmək olar. Karandaş ütünün altını ərpdən, parça lifi və kraxmal yanıqlarından asanlıqla təmizləyir. Ütü təlimatda göstərilən temperatura qədər qızdırılır və karandaş onun alt səthinə çəkilir. Sonra əsginin köməyi ilə silinib-təmizlənir. Ütünün təmizlənməsi üçün istifadə edilən karandaşın tərkibində heç bir zərərli maddə yoxdur və o, istifadə üçün tam təhlükəsizdir.
• Ütünün altını başqa üsullarla da təmizləmək olar. Bunun üçün kağız vərəqi masanın üzərinə sərilir və üstünə bir qədər xörək duzu səpilir. Daha yaxşı nəticə üçün duza parafin* yonqarı da əlavə etmək olar. Ütü maksimal temperatura qədər qızdırılır və duza sürtülüb təmizlənir.
* Parafin - neftdən alınan mumaoxşar ağ maddə