Gərginlik spirala ötürüldükdə spiral bərk qızır, bu zaman istilik enerjisi ütünün əsas metal gövdəsinə ötürülür. Temperatur tənzimləyicisi ütünün temperaturunun lazımi dərəcədə tənzimlənməsi üçün nəzərdə tutulmuşdur və o, qulpla idarə olunur. Tənzimləmə ütü ilə iş zamanı temperatur verilən həddən aşağı olanda qızdırıcı elementin qoşulması və yüksələndə açılmasıdır.
Məişət ütülərinin bir çoxlarında quraşdırılan temperatur tənzimləyicinin (şəkil 3, a) işinə bir qədər ətraflı nəzər salaq. Onun əsas komponenti istilikdən asılı materialdan (bimetal) hazırlanmış lövhəcikdir. Bu lövhəcikdə lazımi temperatur əl ilə tənzimlənir. Qızdırıcı elementlə istilik təmasında olan lövhəcik qızdırıcı elementin elektrik dövrəsini qapayan və açan kontaktlar blokunu idarə edir.
Şəkil 3. a — temperatur tənzimləyicisi; b — temperaturun tənzimlənmə sxemi
Ütüdəki kontaktlar bloku iki elastik kontakt lövhəcikdən (4 və 5) ibarətdir (şəkil 3, b).
Yuxan kontakta bimetal lövhəyə (1) dirənən mil bərkidilib. Lövhənin bir ucu ütünün altına birləşdirilir, ikinci ucu isə boş qalır.
Əgər ütü soyuqdursa, (4 və 5) kontakt lövhəcikləri dövrəni qapayır və bu zaman ütünün qızdırıcı elementindən (6) elektrik cərəyanı keçir. Ütünün altının temperaturu lazımi həddə çatdıqda bimetal lövhə (1) yuxarı doğru qabarır. Bu zaman mil (3) sıxılır. Sıxılan mil, öz növbəsində, (4) lövhəciyi qaldırır. Nəticədə, kontaktlar (4 və 5) aralanır, zəncir qırılır, qızdırıcı element dövrədən açılır və ütü soyuyur. Ütü soyuduqda bimetal lövhə (1) düzəlir, (4 və 5) kontaktlarını qapayır. Bu zaman qızdırıcı element yenidən dövrəyə qoşulur və ütü qızır.
Mütəmadi olaraq təkrarlanan bu proses ütü altının temperaturunu tənzimləyən qulpun (2) köməyi ilə lazımi həddə saxlanılır.
Bilirik ki, parçanın növlərindən asılı olaraq, onların ütülənmə temperaturu dəyişir. Elə bu səbəbdən qulpun üzərində müxtəlif temperaturlarda ütülənən parça növlərinin adı olan lövhə var. Temperatur tənzimləyicisinin qulpu saat əqrəbi istiqamətində və əksinə fırlanmaq imkanına malikdir.