Su qaynayır, buxar çaydanın dəstəyindən və ya gövdədəki borucuqdan keçib avtomatik elektrik açarına daxil olur. Bu zaman elektrik açarındakı bimetal lövhəcik qızır. Qızma anında lövhəcik əyilir və çaydan dövrədən açılır. Su qaynadıqdan sonra uzun müddət istiliyini saxlayır. Bu istiliyədavamlı və istiliyi qoruyan plastik kütlədən olan gövdənin hesabına olur. Elektrik çaydanlarını mütləq üzərində qeyd edilmiş su səviyyəsinə uyğun doldurmaq lazımdır. Çaydanın gövdəsinin üzərində işarələr vardır: MİN (minimum) və MAX (maksimum). Əgər su MAX işarəsindən çox olarsa, bu zaman çaydan qaynadıqda daşacaq. Su MİN işarəsindən az olarsa, qızdırıcı element həddindən artıq qızıb xarab ola bilər.
Çaydanı qoşmazdan əvvəl qapağını kip örtmək lazımdır. Əks halda buxar kip bağlanmamış qapaqdan çıxacaq. Belə olan halda avtomatik elektrik açarında olan bimetal lövhəcik əyilməyəcək və çaydanı söndürməyəcək. Qaynayıb buxarlanan su qızdırıcı elementin yanıb xarab olmasına və çaydanın gövdəsinin zədələnməsinə gətirib çıxaracaq. Elektrik çaydanlarının disk və spiralşəkilli qızdırıcı elementlərlə isidilən növləri var. Qızdırıcı elementi disk şəklində olan çaydanları almaq daha məsləhətlidir. Belə qızdırıcı elementli elektrik çaydanlarında su daha tez qızır. Çünki onun qızdırıcı element ilə toxunma səthi spiralşəkilli qızdırıcı elementi olan çaydandakı səthə nisbətən daha böyükdür. Qızdırıcı elementi paslanmayan poladdan hazırlanmış çaydanlar daha keyfiyyətlidir, çünki onlar gec ərp bağlayır.
Elektrik çaydanından ərpi necə təmizləmək olar? |
Elektrik çaydanının istismar müddətini uzatmaq üçün vaxtaşırı onun ərpini təmizləmək lazımdır. Ərp suda çoxlu sayda duzların olması nəticəsində əmələ gəlir. Vaxt keçdikcə ərp çaydanın daxili səthini və qızdırıcı elementini örtür. Su gec qızır, hazır çayın dadı dəyişir. Bundan başqa, ərp qatı çaydanın avtomatik söndürülmə sistemini sıradan çıxarır. Çaydanın daxili səthinin və qızdırıcısının ərpdən təmizlənməsi üçün müxtəlif kimyəvi vasitələrdən istifadə etmək olar. Amma bu vasitələr çox bahadır və o qədər də yaxşı təmizləmir. Buna görə də bu məqsədlə əl altında olan vasitələrdən istifadə edilir.
Bunun ən sadə üsulu limon turşusundan istifadə etməkdir.
Elektrik çaydanını limon turşusu ilə necə təmizləmək olar? |
Bu üsul yüngül və ya orta dərəcədə çirklənmiş plastik, paslanmayan polad və şüşədən hazırlanmış elektrik çaydanlarının təmizlənməsi üçün uyğundur.