Detalın çertyoju onun təsvirini, hazırlanması üçün lazım olan ölçüləri və digər məlumatları əks etdirir.
Məmulat bir neçə detalın birləşməsindən ibarət olduqda onun quraşdırma çertyoju işlənib hazırlanır. Quraşdırma çertyojunda məmulatın detallarının birbiriylə birləşdirilmə üsulu və ardıcıllığı göstərilir. Məmulata daxil olan bütün detallar spesifikasiyada sadalanır. Detalların quraşdırma çertyojundakı nömrələri spesifikasiyadakı ilə eyni olmalıdır.
Ümumi görünüş çertyoju məmulatın quruluşunu əks etdirir, onun əsas tərkib hissələrinin qarşılıqlı əlaqəsini və məmulatın iş prinsipini izah edir. Çertyoja spesifikasiya da əlavə edilməlidir.
Təlimatın tərkibində məmulatın hazırlanması, yığılması, tənzimlənməsi və ona nəzarətə dair göstərişlər olur. Şərti işarələr şəklində olan sxem məmulatın tərkib hissələrini və onların qarşılıqlı təsirini əks etdirir.
Quraşdırma praktikasında təsvirin ilkin forması olan texniki rəsm böyük əhəmiyyət kəsb edir. Çox vaxt layihə yaratmağa başlayanda, dizayner və ya mühəndis öz fəaliyyətinə texniki rəsm çəkməklə başlayır. Bu onunla izah olunur ki, texniki rəsm çertyoja nisbətən daha əyanidir və daha tez yerinə yetirilir.
Texniki rəsm ölçmə və rəsm alətlərindən istifadə etmədən gözlə, əllə yerinə yetirilmiş rəsmdir (şəkil 2 ).
Bütün məmulat və pəstahlar* müəyyən texnoloji proseslərin yerinə yetirilməsi nəticəsində hasil olur.
Texnoloji proses istehsal prosesinin bir hissəsi olub, əmək əşyasının dəyişdirilməsi və (və ya) onun vəziyyətinin müəyyənləşdirilməsi üçün məqsədyönlü fəaliyyətdir. Əmək əşyalarına pəstahlar aid edilir.
Texnoloji əməliyyat eyni iş yerində bir və ya bir neçə fəhlənin, bir və ya bir neçə emal olunan və ya yığılan məmulat üzərində, fasiləsiz yerinə yetirdikləri texnoloji prosesin bir hissəsidir. Texnoloji əməliyyat müxtəlif texnoloji keçidlərdən ibarətdir. Eyni texnoloji təchizat vasitələri ilə yerinə yetirilən texnoloji əməliyyatın başa çatmış hissəsi texnoloji keçid adlandırılır. Məmulatın quraşdırma sənədlərindən başqa texnoloji sənədləri də vardır. Texnoloji sənədlər qrafik və mətn sənədləridir. Bu sənədlər məmulatın hazırlanma texnologiyasını təyin edir.
* Pəstah - sonradan emal yolu ilə hazır məmulat almaq üçün nəzərdə tutulan yarımməhsul