Masanın üst taxtasının ayrılması. Zədələnmiş birləşməni təmir etmək üçün masanı çevirib onu bir neçə qat bükülmüş parçanın və ya xalçanın üzərinə qoymaq lazımdır. Sonra masanın üst taxtası çıxarılır. Əgər o, sıxıcı metal lövhəciklərlə bərkidilmişdirsə, şuruplar və lövhəciklər sökülür və masanın üst taxtası ayrılır. Əgər o, şurup və boltlarla çərçivəyə və ya künc tirlərə bərkidilibsə, o zaman bu bərkitmələr kənarlaşdırılmalıdır. Açılıb-yığılan masanın zədələnmiş mexanizmini onun çəkilən hissələrini təmizləməklə və yağlamaqla düzəltmək olar. Sınıb sıradan çıxmış mexanizmləri mütləq yeniləri ilə əvəz etmək lazımdır.
Masanın hər bir hissəsində sonradan onun yığılması üçün nişanlama aparılır. Hissələri birləşdirən yapışqan bərkitmələr sökülür. Zərbə vurulacaq hissəni zədələnmədən qorumaq üçün taxta qoruyucudan* istifadə edilir. Bu zaman hissə bir az qaldırılır (şəkil 4).
«Çərçivə-ayaq» birləşməsinin təhlili. Üç növ «çərçivə-ayaq» birləşməsi mövcuddur. Ən nümunəvi birləşmə zivana-yuva birləşməsidir. Bu birləşmədə çərçivədəki zivana ayaqdakı yuvaya yapışdırılır (şəkil 5, a).
Belə birləşmə zamanı mümkün olan zədələnmələr — yuvanın parçalanması və ya zivananın hissələrə ayrılmasıdır. İkinci arakəsmə birləşməsidir ki, burada iki elementin hər birindəki uyğun deşiklərə yapışdırılan çivlər birləşməni gücləndirir (şəkil 5, b). Əgər çivlər sınarsa, onları burğulamaq və dəyişmək lazımdır. Çivli (və ya çivsiz) arakəsmə birləşmələr bəzən künclü lövhəciklərlə daha da möhkəmləndirilir.
Şəkil 5. Birləşmə növləri: a) zivana-yuva birləşməsi;
b) arakəsmə birləşməsi; c) şuruplarla birləşmə
* Taxta qoruyucu - zərbədən qoruyan taxta parçası