Telefon, kabel televiziyası, internetə görə ödənişlər bütün vətəndaşlar üçün eyni tariflə həyata keçirilir. Bütün kommunal xidmətlərə görə ödəniş aparan şəxsə ödəmə qəbzləri təqdim edilir. Ödəmələri bankomatlarda müxtəlif bank kartları vasitəsilə, eləcə də evdə oturaraq onlayn ödəmək olar.
Qida insanın əsas ehtiyacı, onun sağlamlığının, iş qabiliyyətinin və uzun-ömürlülüyünün təməlidir. Son vaxtlar tez-tez rasional (düşünülmüş) qidalanmadan danışılır. Rasional qidalanma orqanizmin normal inkişafını təmin edir, həyat və əmək fəaliyyətinin saxlanması üçün zəruri olan enerji ehtiyatını bərpa edir, orqanizmin inkişaf prosesini reallaşdırır. Zərərli qida məhsulları orqanizmin mübarizə gücünü aşağı salır, vaxtından əvvəl qocalmaya və bir çox xəstəliklərə səbəb ola bilir.
Sağlam qidalanma rejimi və düzgün rasion ev iqtisadiyyatının tərkib hissəsidir. Çünki sağlamlığımız və ailə üzvlərinin əmək qabiliyyətləri qidalanmadan birbaşa asılıdır. Qidalanmaya ayrılan xərclər ailə büdcəsinin əsas hissəsini (təxminən 50%) təşkil edir. Qidalanma taraz- laşdırılmış və rasional olmalı, yəni müəyyən tələblərə cavab verməlidir. Müəyyən tələblər dedikdə müntəzəmlik, müxtəliflik, lazımi miqdar və keyfiyyət nəzərdə tutulur.
Qidalanma xərcləri qidalanma rejimindən — qidanın qəbuledilmə vaxtından, tərkibindən, həcmindən və kalorisindən asılıdır. Həkimlər gündə üç və ya dörd dəfə qidalanmanı daha səmərəli hesab edirlər. Bu zaman səhər yeməyi gün ərzində qidalanmanın ümumi enerji dəyərinin 25—30 % -ni , günorta yeməyi 50 % -ni, axşam yeməyi 20—25 % -ni təşkil edir.
Qidalanma rejiminə ailənin maddi təminatı, qida məhsullarının mövcudluğu, milli mətbəx ənənələri, qidalanma mədəniyyətinin səviyyəsi təsir edir.
Qidalanma mədəniyyəti qidanın müxtəlifliyi, rasion tarazlığı, qida məhsullarının alınmasında iqtisadi hesablamadır.
Ev təsərrüfatının rasional aparılması, ilk növbədə, ərzaqların keyfiyyətli olması və sərfəli qiymətə alınmasıdır. Demək olar ki, bütün şagirdlər valideynlərinə bazarlıq etməkdə kömək edirlər. Çörək və süd kimi gündəlik qida məhsullarının alınması ortayaşlı məktəblilərin böyük həvəslə yerinə yetirdiyi işdir. Bazarlığı səmərəli etmək üçün isə bir neçə sadə qaydaya riayət etmək lazımdır:
• Bazarlığı əvvəlcədən planlaşdırmaq lazımdır. Yaxşı olar ki, özünüzlə alınacaq ərzaqların siyahısını götürəsiniz. Pulun hesabını dəqiq aparın, bazarlığı öz maddi imkanlarınız və fizioloji tələbatınız ilə əlaqələndirin.
• Bazarlıq edərkən əlvan qablaşdırmaya və ya diqqəti cəlb edən reklama aldanmayın. Hamının aldığını almaq həvəsinə düşməyin, yalnız lazım olanları alın.
• Lazım oldu-olmadı, hər gördüyünüzü almamaq üçün marketə və ya bazara ac getməyin.
• Bazarlığa sərf edilmiş vəsaitin dəqiq hesabatı üçün müntəzəm olaraq ev xərcləri kitabını doldurun (cədvəl 1). Sonrakı aylar üçün büdcə planlaşmasında ev xərcləri kitabından çoxlu faydalı məlumat əldə etmək olar.