MÖVZU 27
MUSİQİDƏ BÖYÜK VƏTƏN MÜHARİBƏSİ OBRAZI
1941-1945-ci illərdə Böyük Vətən müharibəsində qazanılan qələbədə azərbaycanlılardan ibarət 416-cı diviziyanın böyük rolu oldu. Faşist Almaniyasına qarşı ordu ilə bərabər, ziyalılar - şairlər, yazıçılar, rəssamlar və musiqiçilər də ayağa qalxdılar. Vətənpərvərlik, düşmənə nifrət və mübarizə əzmi yaradan mahnılar, irihəcmli musiqi əsərləri yarandı. Rus bəstəkarı Aleksandr Aleksandrovun “Müqəddəs müharibə” mahnısı, Dmitri Şostakoviçin “7-ci simfoniya”sı, Qara Qarayev və Cövdət Hacıyevin “Vətən” operası, Üzeyir Hacıbəylinin mübarizə ruhlu mahnıları əsgərləri ruhlandırdı, onların böyük şücaət göstərmələrinə kömək etdi.
Musiqini yada salaq və dinləyək
Dmitri Şostakoviç.
“7-ci simfoniya”dan “Basqın” epizodu
XX əsrin sonu, XXI əsrin əvvəllərində də Azərbaycan bəstəkarları öz yaradıcılıqlarında Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi mövzularına müraciət edərək müxtəlif janrlarda gözəl musiqi nümunələri yaratmışlar. Firəngiz Əlizadənin Qarabağ hadisələrinə həsr edilmiş “İntizar” operası, Xalq artisti Azər Rzayevin 20 Yanvar faciəsinə həsr olunmuş “Bakı-90” simfoniyası, Oqtay Rəcəbovun “Çingiz” simfoniya-rekviyem əsəri, Faiq Sücəddinovun “Zəfər” simfonik poeması müharibə mövzusuna həsr olunmuş əsərlərdəndir.