MÖVZU 17
ORATORİYANIN DRAMATURGİYASI
Oratoriya — xor, solistlər və simfonik orkestr üçün nəzərdə tutulmuş irihəcmli musiqi əsəridir. “Oratoriya” sözünün latın dilindən tərcüməsi, “oro” danışıram, yalvarıram deməkdir. Oratoriya operadan səhnə hərəkətlərinin olmaması, kantatadan böyük ölçüsünə və şaxələnən süjet xəttinə malik olması ilə fərqlənir.
Azərbaycanda oratoriya janrında Cahangir Cahangirov, Vasif Adıgözəlov, Ramiz Mustafayev, Oqtay Rəcəbov nümunəvi əsərlər yaradıblar. Cahangir Cahangirovun “Sabir”, Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi”, Oqtay Rəcəbovun “Heydər”, Ramiz Mustafayevin “Hüseyn Cavid” oratoriyaları ölkəmizdə və bütün dünyada tanınmış əsərlərdəndir.
Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyası yeddi hissədən ibarətdir. Oratoriya Qarabağa həsr olunmuş şeirlə başlayır. Əsərin sonuncu hissəsində bəstəkar “Qarabağ şikəstəsi” zərbi-muğamından bütünlüklə istifadə etmişdir.
Musiqi dinləyək
Musiqisi Vasif Adıgözəlovun, sözləri Teymur Elçinindir.
Bu oratoriyada dinlənilən hissədən əlavə xor epizodları, vokal nümunələri və simfonik orkestrin ifasında musiqi parçaları da vardır.
Göründüyü kimi, musiqi və mətn arasında vəhdət oratoriyanın dramaturgiyasını tədricən inkişaf etdirir. Sonda təntənəli “Qarabağ şikəstəsi” xorun ifasında səslənir.