MÖVZU 3
DRAM TAMAŞALARI VƏ MUSİQİ OBRAZI
Bəstəkar Fikrət Əmirov opera, balet, operetta, müxtəlif janrlı simfonik əsərlərin, simfonik muğamların, xor əsərlərinin, mahnıların, kinofilmlərə və teatr tamaşalarına bəstələnmiş musiqi nümunələrinin müəllifidir. Bəstəkar Fikrət Əmirovun şair, yazıçı, dramaturq Hüseyn Cavidin “Şeyx Sənan” tamaşasına yazdığı musiqi əsl sənət incisidir. Bu tamaşadan “Kor ərəbin mahnısı” adlı musiqi nümunəsi uzun illərdir xanəndələrimizin repertuarını bəzəyir. Mahnının ilk ifaçısı Məmmədəli Əliyev olmuşdur.
Kor ərəbin mahnısı.
Mahnı kor ərəbin əzablı həyatını canlandırır. Mahnıda “Bayatı-Kürd” muğamının intonasiyalarından istifadə edilmişdir.
Edvard Qriq.
“Per Günt” kamera-simfonik süitasından “Anitranın rəqsi”
Avropa bəstəkarlarının yaradıcılığında da dram əsərlərinə yazılmış musiqi nümunələri var. Norveç bəstəkarı Edvard Qriqin yazıçı Henrik İbsenin “Per Günt” dramına bəstələdiyi kamerasimfonik süitası da belələrindəndir. Əsər Per Güntün macəralarına həsr edilmişdir.
Per Günt atasından qalan var-dövləti xərcləyib qurtarır və kəndlilər pis davranışına görə onu kənddən qovur.