Mərkəzi prosessoru mikroprosessor və ya, sadəcə, prosessor da adlandırırlar. Prosessor kompüterin bütün qurğularının işini idarə edir. Məhz buna görə mərkəzi prosessoru kompüterin “beyni” adlandırırlar. Ölçüsü təxminən 2 sm2 olan müasir prosessorlarda milyonlarla elektron element olur. Kompüterin parametrləri verilərkən ilk növbədə prosessorun tipi göstərilir.
Prosessoru sürətli olan kompüter daha güclü hesab olunur. Prosessorun sürəti herslə (Hz) ölçülür və meqahers (MHz), yaxud giqahers (GHz) ilə ifadə olunur.
Sistem lövhəsində digər vacib komponent genişləndirmə yuvaları, yaxud genişləndirmə slotlarıdır. Bu yuvalara xüsusi kartlar - genişləndirmə kartları taxılır. Onların köməyi ilə kompüterin özünü dəyişmədən istifadə imkanlarını genişləndirmək olur.
Müxtəlif qurğuları sistem lövhəsinə qoşmaq üçün sistem blokunun arxa panelində çoxlu bağlayıcılar, yaxud portlar var. Hər bir bağlayıcıya bir xarici qurğu qoşulur.