Şəkillərdən birini seçin və həmin şəklin aid olduğu sahədə kompüter texnologiyalarının tətbiqi haqqında fikirlərinizi yazın.
Nəticəni müzakirə edək:“Texnologiya” fənnində müxtəlif sahələrə aid bir sıra texnologiyalarla tanış olmuşsunuz. İnformasiyanın yaradılması, emalı, saxlanması, istifadəsi, ötürülməsi və idarə olunması ilə bağlı texnologiyaları ifadə etmək üçün “informasiya texnologiyaları” (İT), yaxud “informasiya-kommunikasiya texnologiyaları” (İKT) terminindən istifadə olunur. Son zamanlar “informasiya texnologiyaları” dedikdə, adətən, “kompüter texnologiyaları” nəzərdə tutulur.
İnformasiya-kommunikasiya texnologiyaları çox sürətlə həyatımızın bütün sahələrini əhatə edir. Məsələn, 20 il bundan öncə kompüterlərə yalnız iş yerlərində rast gəlinirdisə, indi, demək olar ki, hər bir evdə kompüter var. Bu gün elm, təhsil, səhiyyə, maliyyə, istehsalat və başqa sahələri kompüterlərsiz təsəvvür etmək çətindir. Hazırda ən kiçik müəssisələrdə də məktubların, məruzələrin, maliyyə sənədlərinin, hesabatların hazırlanması zamanı kompüterlərdən istifadə olunur.