23. FAYLLARIN ELEKTRON POÇTLA GÖNDƏRİLMƏSİ

  • Ənənəvi poçtla məktubdan başqa nələri göndərmək olur?

Siz 6-cı sinifdə elektron poçt ünvanının necə yaradılması və ondan istifadə etməklə məktub göndərməyi öyrənmisiniz. Elektron poçt ənənəvi poçtdan daha əlverişlidir. Məlumatı günün istənilən zamanında göndərə və bir neçə dəqiqəyə cavab ala bilərsiniz. Elektron poçt bir neçə saniyəyə ünvanına çatır. Məhz bu səbəbdən, adətən, ənənəvi poçtu “ilbiz poçtu” (snail mail) adlandırırlar. Məktub göndərilən zaman adresatın kompüteri internetə bağlı olmasa da, sonradan poçt qutusunu yoxladığı zaman həmin məktubu alacaq. Bundan başqa, elektron poçt pulsuzdur, yəni onun göndərilməsi üçün nə markaya, nə də əlavə ödənişə gərək var. Adresatın harada yaşamasının da heç bir önəmi yoxdur.

Bəzən adresata məktubla yanaşı, fayllar da göndərmək lazım gəlir. Ümumiyyətlə, elektron poçt məktubuna istənilən növ fayllar – mətn və ya cədvəl sənədləri, qrafik fayllar, audio və video-fayllar, müxtəlif proqramlar və başqa fayllar əlavə etmək olar. Elektron poçtda məktubla birlikdə göndərilən fayla qoşma deyilir.

Sözlük
Qoşma fayl
Qısqac