Aşağıdakı proqram kodunu ALPLogo mühitində icra etmədən nəzərdən keçirin, x dəyişəninin ilkin və son qiymətlərini müəyyən edin.
dəyişən x x = 8 yaz x, "-lik say sistemində 8 rəqəm var." x = 2 geri 50 yaz "Kompüterlərin əsası ", x, "-lik say sistemidir."Nəticəni müzakirə edək:
Siz proqramlaşdırma mühitində dəyişənin necə elan olunması və ona ədədi qiymətlərin mənimsədilməsi ilə tanışsınız. Bildiyiniz kimi, ALPLogo dilində mənimsətmə operatoru olaraq “=” işarəsindən istifadə olunur. Bu işarənin solunda dəyişənin adı, sağında isə bu dəyişənə mənimsədiləcək qiymət göstərilir. Ümumiyyətlə, sağ tərəfdə istənilən riyazi ifadə yazıla bilər. Mənimsətmə komandasının icrası zamanı öncə “=” işarəsinin sağında yerləşən ifadə hesablanır və sonra alınan qiymət işarənin solundakı dəyişənə mənimsədilir.
Riyazi ifadə dəyişənlərdən (məsələn, x), sabitlərdən (məsələn, 10) və hesab əməllərindən (məsələn, +) ibarət olur. Sabit kəmiyyətlərə konstantlar da deyilir.
ALPLogo dilində + (toplama), – (çıxma), * (vurma), / (bölmə) kimi hesab əməllərindən istifadə olunur. Gördüyünüz kimi, proqramlaşdırmada vurma və bölmə işarələri riyaziyyatdakı uyğun işarələrdən fərqli yazılır.