Məsələnin kompüterdə həlli prosesini bir neçə ardıcıl mərhələyə bölmək olar. Bu mərhələlərin bəzilərini insan, bəzilərini isə kompüter yerinə yetirir.
Birinci mərhələ məsələnin qoyuluşudur. Hər hansı məsələ üzərində işə başlamazdan öncə onu diqqətlə oxuyub anlamaq lazımdır: məsələdə nədən danışılır, nələr verilib, onlar hansı şərtləri ödəyir, nələri tapmaq lazımdır?
İkinci mərhələ məsələnin riyazi, yaxud informasiya modelinin qurulmasından ibarətdir. Bu mərhələdə məqsəd məsələnin elə modelini qurmaqdır ki, onu kompüterdə həll etmək mümkün olsun. Bu, birinci mərhələ ilə sıx bağlıdır və onu ayrıca mərhələ kimi qeyd etməmək də olar.
Üçüncü mərhələ alqoritmləşdirmədir. Qurulmuş riyazi, yaxud informasiya modeli əsasında məsələnin həll alqoritmi hazırlanır. Bu zaman alqoritmin müxtəlif təqdimolunma formalarından istifadə oluna bilər.
Dördüncüsü proqramlaşdırma mərhələsidir. Bu mərhələdə hazırlanmış alqoritmin əsasında məsələnin həlli proqramı yazılır. Bu məqsədlə hər hansı proqramlaşdırma dilindən istifadə olunur.
Beşinci mərhələ proqramın sazlanmasından ibarətdir. Bu mərhələdə proqram kompüterdə icra olunur, mümkün xətalar axtarılır, aşkarlanan xətalar düzəldilir. İri həcmli məsələlərin həllində proqramçının daha çox vaxtı və qüvvəsi proqramın yazılmasına deyil, məhz bu mərhələyə sərf olunur.