Bir qəribə riyaziyyatçının kağızları arasında onun tərcümeyi-halı tapılmışdır. O, aşağıdakı təəccüblü sözlərlə başlayırdı: “Mən universiteti 44 yaşında bitirmişəm. Bir ildən sonra 100 yaşlı cavan oğlan idim və 34 yaşlı qızla evləndim. Aramızdakı yaş fərqi çox cüzi – cəmi 11 il idi…” Ədədlər arasındakı bu qəribə ziddiyyətləri necə izah etmək olar?
Həlli.
Göstərilən ədədlərin ziddiyyətli görünməsinin yeganə səbəbi həmin ədədlərin onluq olmayan say sistemində olmasıdır. Bu say sisteminin əsasını “Mən universiteti 44 yaşında bitirmişəm. Bir ildən sonra 100 yaşlı cavan oğlan idim” ifadəsi müəyyən edir. Əgər 44 ədədinin üzərinə bir vahid əlavə olunduqda 100 ədədi alınırsa, deməli, bu sistemdə 4 ən böyük rəqəmdir (onluq say sistemində 9 kimi). Deməli, sistemin əsası 5-dir və tərcümeyi-haldakı bütün ədədlər beşlik say sistemində verilmişdir. Sadə çevirmələr yolu ilə ədədləri onluq say sisteminə keçirsək, tərcümeyi-hal belə olacaq: “Mən universiteti 24 yaşında bitirmişəm. Bir ildən sonra 25 yaşlı cavan oğlan idim və 19 yaşlı qızla evləndim. Aramızdakı yaş fərqi çox cüzi – cəmi 6 il idi…”