Avtomobil nömrə nişanları hərf və rəqəmlərin kombinasiyasından ibarətdir. Azərbaycanda avtomobil nömrələri region kodundan (cəmi 74 variant), 26 hərflik ingilis əlifbasının iki hərfindən və onluq say sisteminin üçrəqəmli ədədlərindən formalaşır. Litvada isə avtomobil nömrə nişanları 26 hərflik ingilis əlifbasının 3 hərf və onluq say sisteminin 3 rəqəminin kombinasiyasından ibarət olur.
İxtiyari mətn simvollar yığınından ibarətdir. Kompüterlər yalnız ədədlərlə işləyə bildiyindən yaddaşda hərf və ya başqa simvolları saxlamaq üçün hər bir simvola bir ədəd uyğun qoyulmalıdır. Başqa sözlə, hər bir simvol kodlaşdırılmalıdır.
Bildiyiniz kimi, kompüterdə informasiya 0 və 1-lər vasitəsilə – ikilik kodla göstərilir. İkilik kodun hər bir rəqəmi (0, yaxud 1) bit (ingiliscə binary digit – ikilik rəqəm) adlanır.
Bir bit iki qiymət (2) ala bilər. İkilik kodun rəqəmlərinin sayı artdıqca onunla kodlaşdırılan simvolların sayı da artır. Məsələn, rəqəmlərin sayı iki olarsa, dörd simvolu (2∙2) ifadə etmək olar: 00, 01, 10, 11. Üç rəqəmlə səkkiz simvolu (2∙2∙2) kodlaşdırmaq olar: 000, 001, 010, 011, 100, 101, 110, 111.