Bu say sistemində ədədin yazılışında hər bir rəqəmin ifadə etdiyi kəmiyyət onun tutduğu mövqedən asılıdır. Məsələn, 569 ədədində 5 yüzlüklərin, 6 onluqların, 9 isə təkliklərin miqdarını göstərir:
569 = 5·100 + 6·10 + 9·1
Əgər ədədin yazılışında rəqəmin qiyməti durduğu yerdən asılı olaraq dəyişirsə, belə say sisteminə mövqeli say sistemi deyilir. Bunun əksi olan mövqesiz say sistemində isə rəqəmin qiyməti onun mövqeyindən asılı olmur. Məsələn, bu günədək bəzi yerlərdə istifadə olunan Roma say sistemi mövqesizdir.
Mövqeli say sistemində istifadə olunan rəqəmlərin miqdarı say sisteminin əsasını müəyyən edir.
Say sisteminin adı onun əsası olan ədədin adına görə müəyyənləşir. Onluq say sisteminin əsası 10, ikilik say sisteminin əsası isə 2-dir. Mövqeli say sistemləri çoxdur və onlardan ən çox yayılan 10-luq say sistemidir.
Əsası 10-dan kiçik olan say sistemində onluq say sisteminin yuxarı rəqəmləri atılır. Məsələn, səkkizlik say sistemində yalnız 0, 1, 2, 3, 4, 5, 6, 7 rəqəmlərindən istifadə olunur. Əgər say sisteminin əsası 10-dan böyükdürsə, çatışmayan rəqəmlərin yeri latın əlifbasının baş hərfləri ilə doldurulur. Məsələn, əsası 16 olan say sistemində aşağıdakı rəqəmlərdən istifadə olunur:
0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, A, B, C, D, E, F
Burada A, B, C, D, E, F rəqəmləri onluq say sistemindəki 10, 11, 12, 13, 14, 15 ədədlərinə uyğundur.
Aşağıdakı cədvəl 2-lik, 8-lik, 10-luq və 16-lıq say sistemlərinin ədədləri arasında uyğunluğu göstərir.