Tamlıq. İnformasiya ilk növbədə tam olmalıdır. İnformasiyanın tamlığı obyekt və ya hadisə haqqında toplanmış informasiyanın miqdarı ilə müəyyən olunur. Yarımçıq informasiya əsasında qərar qəbul etmək çətin olur. Bir çox hallarda isə arzuolunmaz nəticələrə səbəb ola bilir. Məsələn, xəstəni müayinə edən həkim mümkün qədər çox informasiya əldə etməyə çalışır və yalnız bundan sonra xəstəyə müalicə təyin edir.
Etibarlılıq. İnformasiya bilərəkdən, yaxud bilmədən təhrif oluna bilər. Ona görə də hər hansı hadisə ilə bağlı araşdırma aparılan zaman mümkün qədər çox insanın fikri öyrənilir. Müxtəlif mənbələrdən alınan informasiyalar üst-üstə düşdükdə onu etibarlı hesab etmək olar. İndi İnternet ən populyar informasiya mənbəyinə çevrilib. Bu da təbiidir: kitabxanaya getmədən, saatlarla müxtəlif kitabları, jurnalları vərəqləmədən, sadə axtarışla bir anın içərisində istədiyiniz mövzuda İnternetdən məlumat tapmaq mümkündür. Ancaq İnternetdən əldə olunmuş informasiyaya nə dərəcədə etibar etmək olar? Burada ən səmərəli yol eyni mövzu ilə bağlı informasiyanı fərqli mənbələrdən (saytlardan) götürüb, onları tutuşdurmaqdır.
Aktuallıq. İnformasiya köhnələ bilir. Məsələn, dünən üçün hava proqnozu bu gün artıq aktual olmur. Yəni dünən aktual olan informasiya bu gün aktuallığını itirə bilər. Eləcə də, bu gün aktual olmayan informasiya sabah aktuallıq qazana bilər. Məsələn, bir sıra böyük ideyalar öz zəmanəsini qabaqlayır, yalnız üstündən onillər, yüzillər ötdükdən sonra insanların diqqətini çəkir, aktuallaşır.
SözlükObyektivlik. Aydındır ki, istənilən informasiya haqqında bütün insanların fikri eyni olmur. Başqa sözlə, hər kəsin öz subyektiv fikri olur. Kiminsə şəxsi mülahizəsindən, alınma üsulundan asılı olmayan, yaxud çox az asılı olan informasiya obyektiv hesab edilir. Məsələn, idman yarışlarında hər bir hakimin idmançılara verdiyi qiymət subyektivdir. Ona görə də obyektivliyi təmin etmək üçün bir sıra idman növlərində qiyməti bir hakim deyil, hakimlər briqadası verir. Ancaq bu halda da verilmiş qiymətin tamamilə obyektiv olmasını demək çətindir. Tarixin sınağından çıxmış, elmi təcrübələrlə sübut olunmuş informasiyanı da obyektiv hesab etmək olar.