Save as type sahəsini çıqqıldadın. Açılan siyahıdan 24-bit Bitmap (*.bmp;*.dib) bəndini seçib Save düyməsini çıqqıldadın. İş sahəsindəki şəkil eyni adla, ancaq başqa uzantı ilə diskə yazılacaq.
İndi yaratmış olduğunuz eyniadlı, ancaq fərqli uzantılı faylların həcmini öyrənib aşağıdakı cədvəli doldurun.
Faylın tipi | JPG | GIF | TIFF | PNG | BMP |
Faylın həcmi |
Kompüterdə informasiyanın fayl şəklində saxlandığını bilirsiniz. İnformasiyanın təqdimolunma formasından asılı olaraq mətn, qrafik, audio, video və s. fayllar fərqləndirilir. Eyni növ faylı müxtəlif cür saxlamaq olur. Saxlanma üsulu faylın formatını müəyyən edir. Hazırda kompüterlərdə bir çox fayl formatlarından istifadə olunur. Qrafik faylların da bir çox formatları var.
BMP formatı Windows əməliyyat sistemində görüntüləri saxlamaq üçün əsas formatdır. Demək olar ki, bütün qrafik redaktorların dəstəklədiyi bu formatın bir neçə variantı var: monoxrom, 16 rəngli, 256 rəngli və 24-bitli rastr. Sonuncu variantda 16,7 milyon rəng çaları vermək mümkündür, baxmayaraq ki, insan gözü bu qədər rəng çalarını fərqləndirə bilmir.
JPEG (JPG) ən populyar formatdır. Bu formatda qrafik faylın həcmi BMP formatı ilə müqayisədə bir neçə dəfə az olur. Ona görə də fotoqrafiyalar, adətən, bu formatda saxlanılır, ondan İnternet saytlarında da geniş istifadə olunur.
Nisbətən yeni olan PNG formatı da hazırda çox populyardır. Şəffaf fon imkanı olduğundan bu formatdan, əsasən, veb saytlarda istifadə olunur. Oxşar xassəli GIF formatı bu baxımdan köhnəlmiş hesab olunur, çünki GIF-fayllarında ən çoxu 256 rəng ola bilər. Ancaq GIF formatının müsbət tərəfi də var: onda animasiya vermək mümkündür. Saytlarda animasiyalı banerlər, əsasən, məhz bu formatda hazırlanır.