Faylın adına qoyulan qadağalar onun uzantısına da aiddir. Bundan başqa, faylın uzantısında nöqtədən də istifadə etmək olmaz. Faylın adı və uzantısı nöqtə ilə ayrılır. Məsələn, BAY.DOC yazısında BAY faylın adı, DOC isə onun uzantısıdır. Faylların tipləri (uzantıları) ilə bağlı bəzi razılaşmalar vardır:
Faylın tipi (uzantısı) | Açıqlaması |
doc, docx, txt | Mətn faylı |
bmp, jpg, png | Qrafik fayl |
avi, mpg, flv | Video fayl |
wav, mp3 | Səs faylı |
ppt, pptx | Təqdimat faylı |
exe | İcra faylı, çalışdırılabilən fayl |
Hər bir faylın öz simgəsi olur ki, o, faylın tipinə uyğun gəlir. Faylın əsas parametrləri bunlardır: ölçüsü, yaranma tarixi və zamanı. Faylın ölçüsü onda saxlanılan informasiyanın həcmini bildirir və kilobaytla, meqabaytla və ya daha böyük ölçü vahidləri ilə ifadə olunur. Hər bir fayl yaradılarkən onun tarixi və zamanı da sistemdə faylın parametri kimi qeyd olunur.
Fayl birbaşa diskdə, diskdəki hər hansı qovluqda, qovluğun içərisindəki başqa bir qovluqda, başqa sözlə, iç-içə qovluqlarda yerləşə bilər. Faylın yerləşdiyi yeri dəqiq göstərmək üçün yol anlayışından istifadə olunur. Məsələn, əgər Orman.bmp adlı fayl C diskindəki (C:) İNFORMATİKA7 qovluğunda yerləşirsə, həmin fayla yol aşağıdakı kimi olacaq:
C: \ İNFORMATİKA7 \ Orman.bmp
Buradakı sola əyik cizgi ( \ ) ayırıcı funksiyasını yerinə yetirir. Tutaq ki, yolu
aşağıdakı kimi olan faylı tapmaq lazımdır:
C: \My Documents\Azərbaycan tarixi\Şəxsiyyətlər\Nizami.doc Bunun üçün siz C diskindəki My Documents qovluğunu, sonra onun
içərisindəki Azərbaycan tarixi qovluğunu, sonra isə Şəxsiyyətlər qovluğunu açsanız, Nizami.doc faylını orada tapa bilərsiniz.
Kompüterdə faylları rahat tapmaq üçün onların nizamlı saxlanması çox vacibdir. Bu məqsədlə qovluqlardan istifadə olunur. Həqiqətən, onların iş prinsipi sənədlər olan şkafı çox xatırladır.