Proqramlaşdırma alətləri sinfinə aid olan proqramlar sistem və tətbiqi proqramları yaratmaq üçün nəzərdə tutulub. Basic, Pascal, C++, Python kimi proqramlaşdırma dilləri bu sinfə aiddir. Bir çox insanlar proqramlaşdırmanı məhz bu dillər əsasında öyrənirlər. Təhsil sistemində geniş istifadə olunan proqramlaşdırma dillərindən biri də LOGO dilidir.
İstənilən proqram təminatının hazırlanmasına böyük əmək və zaman sərf olunur. Ona görə də kompüter proqramlarının əksəriyyətinin ödənişsiz istifadə olunması qanunsuz hesab olunur. Ancaq sərbəst yayılan proqramların sayı günbəgün artır. Xüsusilə də, belə proqramların orta məktəblərdə istifadəsi genişlənir. Artıq sizə tanış olan OpenOffice Writer, OpenOffice Impress, ALPLogo belə proqramlardandır.
Şəkildə müxtəlif sinif proqram təminatları ilə kompüterin aparat hissəsinin əlaqəsi sxematik təsvir olunub. Göründüyü kimi, qurğuların işləməsi (aparat təminatı) birbaşa sistem proqramları ilə bağlıdır. İstifadəçiyə isə “ən yaxın” olan tətbiqi proqramlardır. Bu proqramların aparat hissəsinin işinə təsiri azdır və onun əsas işi informasiyanı emal edərək nəticələri istifadəçiyə çatdırmaqdır.
Aşağıdakı proqramları tapın və başladın:
Calculator, WordPad, Paint, Windows Media Player, Internet Explorer.
Hər bir proqramın hansı qrupa aid olmasını müəyyən etməyə çalışın.