Əməliyyat sistemi kompüter yandırıldıqda işə düşən, kompüterin bütün hissələrinin əlaqəli işləməsini təmin edən və informasiyanı idarə edə bilən proqramlar sistemidir.
Əməliyyat sisteminin köməyi ilə:
- | kompüter və istifadəçi arasında dialoq yaranır; |
- | kompüter idarə olunur; |
- | istənilən proqram başladılır və s. |
Ən məşhur əməliyyat sistemləri bunlardır: Windows, Mac OS, Android, Linux.
Sistem proqramlarının digər vacib hissəsini xidməti proqramlar – utilitlər təşkil edir. Utilitlər əməliyyat sistemini tamamlayır və onun imkanlarını artırır. Eyni zamanda müstəqil olaraq bir çox vacib məsələləri də həll edir. Antivirus proqramları, arxivləşdirmə proqramları, kompüter qurğularının iş qabiliyyətini yoxlayan proqramlar, qurğuların işini idarə edən proqramlar (onlara drayverlər deyilir) – bunlar hamısı utilitlərdir.
Kompüterləri daha gərəkli edən onlarda quraşdırılmış tətbiqi proqramlardır. Tətbiqi proqramlar istifadəçiyə müxtəlif işləri (məsələn, şəkil çəkmək, mətn yazmaq, oyun oynamaq və s.) yerinə yetirmək üçün lazımdır. Tətbiqi proqramlar bir neçə qrupa ayrılır. Onlardan ən populyarları aşağıdakılardır:
- qrafik redaktorlar (Paint, TuxPaint, Photoshop və s.);
- mətn redaktorları (Microsoft Word, OpenOffice Writer, WordPad və s.);
- təqdimat proqramları (PowerPoint, OpenOffice Impress və s.);
- elektron cədvəllər (Excel, OpenOffice Calc və s.);
- nəşriyyat sistemləri (Quark Xpress, Scribus, Adobe InDesign və s.);
- verilənlər bazasının idarəolunması sistemləri (MS Access, MySQL, Oracle və s.);
- internet brauzerlər (Google Chrome, Mozilla Firefox, MS Internet Explorer və s.)
- kompüter oyunları, öyrədici proqramlar və s.