Kompüterdə olan informasiya insanlara çıxış qurğuları vasitəsilə çatdırılır. Bu qurğular kompüterdə ikilik kodda saxlanılmış informasiyanı insanların başa düşəcəyi şəklə çevirir. Kompüter sisteminin ən vacib çıxış qurğuları monitor və printerdir.
Monitor mətn və qrafik informasiyanı əks etdirmək üçün nəzərdə tutulub. Monitorlar ağ-qara (monoxrom) və rəngli olur. Rəngli görüntü üç əsas rəngin - qırmızı, yaşıl və göy rəngin qarışığından alınır. Ekranda istənilən görüntü piksel adlanan nöqtələr yığınından ibarət olur. Ekranın üfüqi və şaquli istiqamətlərdə nöqtələrinin sayı ekranın çözümlülüyünü müəyyən edir. Müasir monitorlar, adətən, 1280x1024 piksel və daha yüksək rejimlərdə işləyir. Ekranın çözümlülüyü yüksəldikcə, görüntünün keyfiyyəti də yaxşılaşır.
Monitorlar bir-birindən ekranlarının ölçülərinə görə fərqlənir. Ekranın ölçüsü dedikdə onun eni və hündürlüyü deyil, diaqonal üzrə ölçüsü əsas götürülür.