Sözlük
Giriş qurğuları
Klaviatura
Siçan
Taçpad
Skaner
Coystik
Planşet
Kompüterin başlıca daxiletmə qurğusu klaviaturadır.
Onun köməyi ilə mətn və ədədi informasiyalar, eləcə də
cürbəcür komandalar və verilənlər kompüterə daxil edilir.
Kompüterin standart klaviaturasına 104 klavişli genişləndirilmiş
klaviatura deyilir. Müxtəlif klaviaturalar olsa da,
onların hamısında aşağıdakı klaviş qrupları vardır:
- Funksional klavişlər. Bu klavişlər klaviaturanın
yuxarı sırasında yerləşdirilib və F1, F2, F3, …, F12 kimi işarələnib. Bu klavişlər, adətən, hansısa funksiyanı yerinə yetirir və funksiyalar
proqramdan, yaxud iş rejimindən asılı olaraq dəyişə bilir.
- Hərf-rəqəm klavişləri. Bu klavişlər klaviaturanın orta hissəsində
yerləşir. Onlar hərfləri, rəqəmləri və digər simvolları daxil etmək üçün nəzərdə
tutulub.
- Kursorun idarəolunması klavişləri. Bu klavişlərin dördünə çox zaman
ox klavişləri də deyilir. Onlar klavişin üzərində göstərilmiş ox istiqamətində
mətn kursorunun hərəkət etdirilməsi üçün nəzərdə tutulub. Bu qrupa daha dörd
klaviş daxildir: Home, End, PgUp və PgDn.
- Yardımçı rəqəm klaviaturası. Kalkulyatorun klavişlərini xatırladan bu
klavişlər dəsti klaviaturanın sağında yerləşir və əsasən hesablama zamanı
istifadə olunur.
- Xidməti klavişlər. Enter, Esc, Tab, Shift, Ctrl, Alt, Caps Lock, Insert,
Delete, Backspace.
Qrafik informasiya ilə işləmək üçün, əsasən, siçan qurğusundan istifadə
olunur. Adi kompüter siçanının ən azı iki düyməsi olur – sol və sağ. Siçanın
növündən və markasından asılı olaraq onun üzərində başqa düymələr (məsələn,
təkərcik) də ola bilər.
Siçanla işləyərkən ekranda görünən kiçik ox siçanın göstəricisi adlanır.
Optik-mexaniki siçanı masanın üstündə gəzdirdikdə onun daxilindəki kürəciyin
fırlanması monitorun ekranında göstəricinin yerinin dəyişməsinə səbəb
olur. Müasir optik siçanlarda isə bu proses işıq şüası vasitəsilə gerçəkləşdirilir.
Noutbuk kompüterlərində siçan qurğusu əvəzinə taçpad qurğusundan istifadə olunur.