Vaxtilə ABŞ-da siqaretin vurduğu zərəri müəyyən etmək üçün komissiya yaradılmışdı. Komissiyanın tərkibinə həm siqaret çəkənlər, həm də siqaret çəkməyənlər daxil edilmişdi. Siqaretin orqanizmə vurduğu zərərin ağır nəticələrini müəyyənləşdirdikdə komissiyada iştirak edən siqaretçəkənlərin hamısı siqareti tərgitdi.
Siqaretin tərkibində 200-dən çox zərərli maddə vardır. Bu zərərli maddələr tənəffüs yolları ilə ağ ciyərə, ağız suyu ilə həzm orqanlarına qədər gedib çıxır. Siqaret çəkənlər tez-tez soyuqdəymə və yoluxucu xəstəliklərlə düçar olur, orqanizmin qanla təchizi azalır, əmək qabiliyyəti xeyli aşağı düşür. Aparılan tədqiqatlara görə ağ ciyər xərçəngi ilə xəstələnənlərin çoxu məhz siqaret çəkənlərdir.
Məhvedici təsirə malik daha bir zərərli vərdiş spirtli içkilərdən istifadə etməkdir. Spirtli içki sinir hüceyrələrini məhv edir, zəhərli maddələri kənarlaşdıran qara ciyərə və böyrəklərə ziyan vurur. Daim spirtli içki qəbulu həzm sistemi xəstəliklərinə səbəb olmaqla yanaşı, ürəyin işini pozur, yaddaş pozğunluğu yaradır. Ailədə münaqişələrə, sosial problemlərə yol açır.
Zərərli vərdişlər içərisində ən təhlükəlilərdən biri isə narkotiklərin qəbuludur. Narkotik qəbul edən insanların orqanizmi zəifləyir, arıqlayır, halsızlaşır və onlar ruhi pozğunluqlara düçar olurlar. Belə insanların sinir sistemi pozulur, əsəbi olur, əlləri əsir və yaddaşı zəifləyir. Bu xəstələrin qara ciyər və böyrəkləri zəiflədiyi üçün zərərli maddələr onların bədənini daha tez zəhərləyir. Bütün bunlar insanın məhvinə gətirib çıxarır.
Zərərli vərdişlərə aludəçilik həm ailə, həm də cəmiyyət üçün təhlükəlidir.