Əl əməyi maşın əməyi ilə əvəz olunaraq istehsalın sürətlənməsinə yol açdı. Fabrik və zavodların yaradılması qısa müddətdə keyfiyyətli məhsulların ortaya çıxmasına şərait yaratdı.
Cəmiyyətin tələbatı sonsuzdur. Bu tələbatların ödənilməsinin əsasını isə iqtisadiyyat təşkil edir. Əgər müşahidə aparsanız, müəyyən edərsiniz ki, cəmiyyətdə ən mühüm yeri iqtisadi münasibətlər tutur.
İqtisadiyyat istehsal (sənaye, kənd təsərrüfatı, tikinti, yük nəqliyyatı və s.) və qeyri-istehsal (təhsil, səhiyyə, mənzil-kommunal xidmətləri və s.) sahələrini əhatə edir.
Ölkəmizdə mövcud olan istehsal sahələri haqqında fikir mübadiləsi aparın və gəldiyiniz nəticələri qeyd edin.
İstehsal maddi nemətlər yaratmağa yönəldilmiş fəaliyyət prosesi olub, ev təsərrüfatı, firma, müəssisə, birliklər və s. tərəfindən həyata keçirilir.