Ümumi orta təhsilin məqsədi şagirdlərdə ünsiyyət bacarığını, idrakı fəallığı və məntiqi təfəkkürü formalaşdırmaqdır. Bununla yanaşı, şagirdlərin öz gələcək fəaliyyət istiqamətini müəyyənləşdirmək bacarığını təmin etməkdir.
Tam orta təhsil səviyyəsində məqsəd şagirdlərdə istedad və qabiliyyəti üzə çıxarmaq, onları müstəqil həyata hazırlamaqdır. Bunun sayəsində də şagirdlərdə milli və ümumbəşəri dəyərlərə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşma hissi təmin olunur.
Təhsilin ali məqsədlərindən biri də uşaqların təlim-tərbiyəsinin düzgün təşkili, fiziki, əqli və intellektual-mənəvi inkişafı, həmçinin onların öz istedadlarını nümayiş etdirmələri üçün lazımi şəraitin yaradılması, ölkəyə layiqli və vətənpərvər vətəndaşların yetişdirilməsidir.
2009-cu ildə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanunda sağlamlıq imkanları məhdud olan, uzun müddət müalicəyə ehtiyacı olan təhsilalanların təhsilini, müalicəsini, ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi ümumtəhsil proqramlarının həyata keçirilməsi planlaşdırılmışdır.
Bu istiqamətdə Azərbaycan Respublikasında müəyyən işlər görülür. Sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinə xüsusi diqqət göstərilir. Uşaqların təhsili ilə yanaşı, onların yaradıcılıq işlərinə maraq göstərmələri dəstəklənir.