Fərid hər gün səhər məktəbə gedərkən yolun piyadalar üçün ayrılmış hissəsindən keçməli olur. Bir gün o, işıqforun qırmızı işığı yanan zaman piyada keçidindən keçmək istəyərkən bir maşının sürətlə onun üzərinə gəldiyini gördü. Yaxşı ki, o, cəld geri atıla bildi. Sürətlə gələn maşın digər maşına dəyib qəza törətdi. Dərhal təcili yardımla yanaşı, polis də hadisə yerinə gəldi. Qəza itkisiz keçdi. Hadisənin hüquqi yolla tənzimlənməsi üçün polis protokol yazdı.
Yəqin, siz də beh hadisələrlə rastlaşmısınız. İnsanların hüquqlarını, eləcə də sabitliyi qoruyan, qanun keşiyində duran qurumların bu işə müdaxiləsini görmüsünüz. Bildiyiniz bu cür hər hansı bir hadisəni müzakirə edin.
Hər birimiz cəmiyyətin bir parçasıyıq. Cəmiyyətdə formalaşdığı dövrdən müəyyən qayda və qanunlar mövcud olmuşdur. Hələ ibtidai icma quruluşu dövründə insanları idarə etmək üçün qəbilə və tayfa başçıları seçilir, ağsaqqallar şurası yaradılırdı. Zaman keçdikcə dövlətlər yarandı. Dövlətlərin yaranması ilə müəyyən qayda və qanunlar qüvvəyə minməyə başladı.
Hazırda ölkəmizdə və dünya dövlətlərində cəmiyyətin həyatını qorumaq üçün müəyyən hüquqi sənədlər tərtib olunub. Hətta dünya ölkələrinin bir araya gələrək beynəlxalq aləmdə qayda-qanunları nizama salmaq üçün tərtib etdikləri hüquqi sənədlər də vardır.