Cəmiyyətin idarə olunması qədimdən bu günədək davam etməkdədir. Bu idarəçiliyi ayrı-ayrı dövlət strukturları həyata keçirir. Bəs, görəsən, digər amillər cəmiyyətin idarə olunmasına təsir edirmi? Tez-tez adını eşitdiyimiz təşkilatlar, qurumlar cəmiyyət həyatında necə rol oynayır?
Cəmiyyət təkcə dövlət strukturları tərəfindən idarə edilmir. Cəmiyyətin həyatında mövcud olan təşkilatlar, partiyalar, qurumlar və s. onun həyatında mühüm rol oynayır. Partiyaların* yaranması cəmiyyətin siyasi həyatı ilə bağlıdır. İnsanlar siyasi məqsədlərini siyasi partiyaların** köməyi ilə həyata keçirirlər.
Cəmiyyətdə çoxpartiyalılıq demokratik idarəetmə formasının əlamətlərindən biridir. Partiyalar yaradılarkən könüllülük və üzvlərinin hüquqi bərabərliyi əsas götürülür. İlk siyasi partiyalar Niderland Krallığı, İngiltərə, Amerika Birləşmiş Ştatları, Fransada yaranmışdır. Sonradan belə siyasi partiyalar digər ölkələrdə də yaranmağa başladı. Siyasi partiyalar Azərbaycanda XX əsrin əvvəllərində yaranıb. Belə partiyalara misal olaraq Müsavat, Difai partiyalarını və YAP-ı misal göstərmək olar.
Hazırda Azərbaycan Respublikasında müxtəlif partiyalar fəaliyyət göstərir. Bu partiyalar ölkənin həyatında mühüm rol oynayır, xalqın mənafeyini dəstəkləyir.
Azərbaycanda ilk dəfə milli partiya Gəncə şəhərində 1905-ci ildə yaradılmışdır. 1906-cı ildə Əhməd bəy Ağayev tərəfindən yaradılan “Difai” partiyasının məqsədi xalqı qırğınlardan qorumaq idi.
Azərbaycanda partiyalarla yanaşı, müxtəlif təşkilatlar da fəaliyyət göstərir. Bunlardan 1988-ci ildə yaradılan “Azərbaycan Uşaq Fondu” müstəqillik qazandıqdan sonra da fəaliyyətini davam etdirərək uşaqların təlim-tərbiyəsi, sağlamlığının qorunması və s. bu kimi uşaqların müdafiəsi sahəsində tədbirlər həyata keçirir. 1993-cü ildən fəaliyyət göstərən “Azərbaycan Uşaqlar Birliyi” ictimai təşkilatının devizi “Vətən, xeyirxahlıq və ədalət uğrunda”dır. Bu təşkilatın məqsədi uşaq və yeniyetmələri müstəqil həyata hazırlamaqdır.
* Partiya – latın sözü olub “hissə”, “dəstə” mənasını verir.
** Siyasi partiya – öz namizədlərini siyasi vəzifələrə təyin etmək yolu ilə
dövlət
siyasətinə təsir etməyə çalışan təşkilat
*** Difai – müdafiə deməkdir.