Cəmiyyətin mənəvi həyatınа mədəniyyət, dünyagörüşü, adət-ənənələr, təhsil, peşə fəaliyyəti və başqaları aiddir. Hər bir insanın davranışı, hissləri, qabiliyyəti, arzusu və s. cəmiyyətin mənəvi həyatına daxildir. Hər birimiz ətrafımızda gözəllik, düzgünlük, paklıq axtarırıq. Yaşadığımız ərazinin təmiz saxlanılması, insanların mədəni davranış qaydalarına riayət etməsi, bir-birinə hörmətlə yanaşması və bu kimi başqa nümunələr mənəvi həyatımızın bir hissəsidir.Bütün bunlarla yanaşı, xalqımıza məxsus olan milli-mənəvi dəyərlər də böyük ehtiramla qorunur.
Hazırda ölkəmizdə aparılan islahatlar cəmiyyət həyatının bütün sahələrini əhatə edir. Cəmiyyətin və ölkənin həyatında qadınların iştirakının bariz nümunəsi olan respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Uşaq və yeniyetmələrin təhsili və təlimi sahəsində nəhəng layihələrin həyata keçirilməsi, valideyn himayəsindən məhrum olan, sağlamlıq imkanları məhdud uşaqlara göstərilən hərtərəfli qayğı məhz onun səyi nəticəsində öz bəhrəsini verir.
Cəmilin atası işlədiyi müəssisədə həmkarlar ittifaqının sədridir. Anası isə qeyri-hökumət təşkilatında çalışır. Onların hər ikisi çalışdıqları yerdə dövlətimizin mənafeyinə, cəmiyyətin xeyrinə xidmət edirlər.