İnsanların bir-biri ilə sıx əlaqədə olması, onlar arasındakı bağlılıq cəmiyyətin həyatında əsas amillərdəndir. Siz artıq cəmiyyət və onun formalaşması haqqında bir sıra biliklərə maliksiniz. Zaman keçdikcə cəmiyyətdəki dəyişikliklər həm ictimai-siyasi, həm də mədəni-iqtisadi həyata böyük təsir göstərir. Bildiyiniz kimi, cəmiyyətin idarə olunmasında əsas rolu dövlət oynayır. Dövlət qanunvericilik aktları qəbul etməklə cəmiyyətin həyatını tənzimləyir.
Bəs vətəndaşların cəmiyyətdə rolu nədən ibarətdir? Onlar cəmiyyətin idarə olunmasına necə təsir edir?
Televizorda, internetdə, məktəbdə, jurnal və qəzetlərdə bizim cəmiyyətin istəkləri, problemləri, vətəndaşların tələbləri və s. ifadələr tez-tez işlədilir.
Hər bir vətəndaş cəmiyyətin üzvüdür. Vətəndaş ölkənin həyatında mühüm rol oynayan şəxsdir. Onun cəmiyyətin problemlərinin həllində iştirak etmək və qərarlar qəbul edilməsinə təsir göstərmək hüququ vardır. Vətəndaş cəmiyyəti - cəmiyyətin inkişafının müəyyən pilləsində formalaşan insanların birliyidir. O özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirir. Azərbaycan Respublikasında cəmiyyətin həyatında aşağıdakı strukturlar da rol oynayır: