Meşə yanğınları planetin ekoloji tarazlığının pozulmasına səbəb olur. Meşələr karbonun və suyun dövr etməsində mühüm rol oynayır, meşə yanğınları isə bu həyati prosesləri pozur. Yanma nəticəsində atmosferə çoxlu miqdarda müxtəlif kimyəvi birləşmələr, ən əsası isə karbon qazı atılır.
Yanğınlar meşə ekosistemlərinə, torpağın üst qatına dağıdıcı təsir göstərir, havanı və suyu çirkləndirir. Nəinki meşə yanğınları, istənilən yanğın növü ekoloji ziyan verir.
Gəlin heç bir gözəlliyi bizlərdən əsirgəməyən ana təbiətə, onun bütün sərvətlərinə qayğı, sevgi və məhəbbətlə yanaşaq, onları qoruyub saxlamağa çalışaq.
Meşələrin məhvi atmosferdə yalnız oksigenin azalmasına səbəb olmur. O həm də quraqlığın, torpaq eroziyasının* və sürüşmələrin əmələ gəlməsinə, səhralaşmanın sürətlənməsinə, daşqınlara, selə, qasırğalara, iqlimin və relyefin kəskin dəyişilməsinə və s. səbəb olur.
Planetin əhalisi üçün “səhralaşma” vahiməli sözdür. Onun həlli bütün ölkələrin səylərinin birləşdirilməsini tələb edir. Buna görə də BMT tərəfindən səhralaşmaya qarşı mübarizə konvensiyası qəbul edilmişdir.
*Torpaq eroziyası – torpağın yuyulması, dağılması