Tez-tez mətbuatdan, radio və televiziyadan ozon təbəqəsinin nazikləşdiyi, hətta bəzi yerlərdə deşildiyi haqqında məlumatlar eşidirsiniz. Alimlər bunun səbəbini atmosferdə bir sıra maddələrin, əsasən də freonların* çoxalması ilə əlaqələndirirlər. Ozon qatının nazikləşməsi nəticəsində Yerdə ultrabənövşəyi şüaların artması insanlarda dəri xəstəliklərinin çoxalmasına, immun sisteminin zəifləməsinə səbəb olur, flora və faunaya ciddi təsir göstərir.
1994-cü ildə BMT-nin Baş Assambleyası 16 sentyabr tarixini “Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günü” elan etmişdir.
Bir çox dövlətlər tərəfindən özündə ozon qatını dağıdan maddələrin istehsalının dayandırılmasını əks etdirən protokol imzalanmışdır.
Su mənbələri neft və məişət tullantılarının, zavod və fabriklərin, çirkab suları hesabına çirkləndirilir. Suyun çirklənməsi bir çox canlıların sayını tədricən azaldır, eləcə də insanın yaşamasını təhlükə altına alır.
Hazırda insanları narahat edən problemlərdən biri də planetdə temperaturun normadan bir neçə dərəcə yuxarı olmasıdır.
Azərbaycan ərazisində uzun illərdir ki, neft istehsal edilir. Keçmişdə neft "açıq fontan" üsulu ilə çıxarılırdı. Uzun müddət həm sahildə, həm də açıq dənizdə fəaliyyət göstərən neft quyularından atılan çirkab suları, boru kəmərlərindən sızmalar, qəza hallarında dənizə atılan külli miqdarda neft Xəzərin ekoloji mühitinə mənfi təsir göstərmişdir. Suyun bu cür çirklənməsinin canlılara təsirini yoldaşlarınızla müzakirə edin.
İstixana effekti** deyilən bu problemi də insan özü yaratmışdır. Bunun nəticəsində iqlim dəyişiklikləri baş vermişdir və bu da qütb buzlaqlarının əriməsinə, bol yağışlara, sellərə, bəzi yerlərdə isə quraqlığa səbəb olmuşdur.
*Freon – rəngsiz, iysiz qaz və yaxud mayedir.
** İstixana effekti – havada karbon qazının çoxalması hesabına temperaturun artması