Beləliklə, Günəşin istilik enerjisi dolu, külək və yağış halında mexaniki enerjiyə çevrilir. Atmosfer yağıntıları çayların əsas qida mənbəyidir. Çay öz məcrasına yağan yağıntıları böyük ərazilərdən qolları ilə yığır. Bəs insanlar bu suyun enerjisindən necə istifadə edirlər və bu zaman hansı enerji çevrilmələri baş verir?
Yerə nəzərən çaylardakı su həm kinetik, həm də potensial enerjiyə malikdir. Bəndlərin köməyi ilə çaydakı suyun səviyyəsini qaldırarkən biz onun potensial enerjisini artırmış oluruq. Məsələn, Mingəçevir SES-in qovşağının hündürlüyü 80 m-dir. Belə bir hündürlükdə hətta 1 m3 suyun potensial enerjisi neçə min Couldan çoxdur. Su yuxarıdan aşağıya tökülən zaman onun potensial enerjisi kinetik enerjiyə çevrilir.
Hərəkət edən suyun kinetik enerjisindən turbinin pərlərini hərəkətə gətirmək üçün istifadə edirlər. Bu turbin elektrik cərəyanı yaradan elektrik generatorunun valını hərəkətə gətirir. Beləliklə, insanlar yuxarıdan tökülən suyun enerjisindən elektrik enerjisi almaq üçün istifadə edirlər.
Canlı təbiətdə də enerji çevrilmələri baş verir və canlı orqanizmlər özlərini enerji ilə təmin edir.
Canlılar üçün lazım olan enerji qida ilə daxil olan mürəkkəb kimyəvi üzvi birləşmələrdə toplanır. Bu cür maddələrə zülallar, yağlar və karbohidratlar daxildir.
İnsan həm bitki, həm də heyvan mənşəli qidalar qəbul edir. Bitkilər üzvi maddələri fotosintez nəticəsində günəş şüalarının enerjisindən istifadə etməklə yaradır. İnsan orqanizminin hər bir hüceyrəsində isə zülallar, yağlar və karbohidratların daha sadə molekullara parçalanması baş verir. Bu zaman enerji yaranır.
Başqa sözlə desək, qida ilə daxil olan mürəkkəb üzvi maddələrin potensial enerjisi:
– istilik enerjisinə (bədən temperaturunu sabit saxlamaq üçün);
– mexaniki enerjiyə (əzələ yığılmaları zamanı);
– elektrik enerjisinə (sinir impulslarını ötürən zaman) çevrilir.
Hətta tam sakit halda belə insan öz enerjisinin bir hissəsini istifadə edir. İnsan orqanizmində bir dəqiqə də dayanmayan fizioloji proseslərə daim enerji sərf olunur. Hüceyrələrdə mübadilə prosesləri gedir, ürək, böyrək, qara ciyər və digər orqanlar fəaliyyət göstərir.