Cisimlər müəyyən qüvvənin təsiri altında hərəkət edərkən iş görür. Cisimlərin işgörmə qabiliyyətini isə enerji xarakterizə edir. Bu anlayış həm canlı, həm də cansız aləmə aiddir.
Enerjinin növlərini və ən mühüm xassəsini yadınıza salın.
Enerjinin müxtəlif növləri vardır: mexaniki, istilik, elektrik, kimyəvi və s. Enerji bir şəkildən başqa şəklə düşür. Yer kürəsində əsas enerji mənbəyi Günəşdir.
Günəş enerjisinin bir hissəsini udan Yer səthinin temperaturu yüksəlir. Beləliklə, havanın Yerlə təmasda olan hissəsi qızaraq genişlənir, sıxlığı azalır və yuxarı qalxır. Bu, yüksələn hava kütləsi yaradır. Hava axınında olan su buxarı kondensasiya edərək bulud əmələ gətirir. Yuxarı qalxmış havanın yerini ətrafdakı hava tutur və külək əmələ gəlir. Bu zaman hansı enerji çevrilmələri baş verir?
Günəşdən gələn enerjinin bir hissəsi Yer tərəfindən udulduğu zaman Yerin daxili enerjisinin artması müşahidə olunur və buna uyğun olaraq temperatur yüksəlir. Bu enerjinin bir hissəsi Yerlə təmasda olan havaya ötürülür. Havadakı qaz molekullarının kinetik enerjisi artır. Su damcılarının və qaz molekullarının qalxması nəticəsində kinetik enerji azalır, potensial enerji artır. Gec və ya tez yağış və ya dolu zamanı su damcılarının potensial enerjisi kinetik enerji halında xaric olunur.
Göründüyü kimi, cansız təbiətdə də enerjinin bir növünün digərinə çevrilməsi baş verir. Məlum olur ki, enerji heç nədən yaranmır və itmir, yalnız bir haldan başqa hala keçir.