Ürəyin yığılıb-açılaraq orqanizmin digər üzvlərini qanla təchiz etməsi nəticəsində əksər heyvanlarda müxtəlif növ hərəkətlər baş verir.
Top, uşaq arabası, qatar kimi cansız varlıqların hərəkət etməsi üçün onlara hər hansı bir qüvvə ilə təsir edilməlidir. Necə bilirsiniz, iynəni, kağız qırıntılarını hərəkətə gətirmək üçün onlara hansı qüvvə təsir etməlidir?
Təbiətdəki hadisələr: zəlzələ, sunami, atmosfer hadisələri də hərəkət nəticəsində baş verir. Ən böyük dağıdıcı qüvvəyə malik olan zəlzələ zamanı Yer səthində müəyyən ərazi qalxa, müəyyən ərazi isə enə bilər.
Atmosferdə, demək olar ki, hər gün müxtəlif hadisələrin baş verməsinin şahidi oluruq. Bu hadisələrin bir qismi dağıntı, insan tələfatı ilə nəticələnir. Havanın hərəkəti nəticəsində yaranan küləyin gücünün artması qorxulu təbiət hadisələrinə səbəb ola bilir. Tornado və tayfunlar bu cür dağıdıcı külək növləridir.
Dünya okeanında su daim hərəkətdədir. Okeanda suyun hərəkətinə külək, sualtı zəlzələ və vulkan püskürmələri ilə yanaşı, Ay və qismən Günəşin cazibə qüvvəsi təsir edir. Bu qüvvənin təsiri nəticəsində suyun qurunu basması - qabarma, sonra isə geri qayıtması - çəkilmə baş verir.
Gördüyünüz kimi, təbiətdə baş verən hadisələr səbəbsiz deyil. Bu hadisələrin sirrini açmaqda sizə əldə edəcəyiniz bilik və bacarıqlar yardımçı olacaq.
* Radiasiya - hər hansı bir cismin elektromaqnit dalğalarının şüalanması; cismin buraxdığı elektromaqnit şüa enerjisi