Qeybət başqalarını gözdən salmaq və alçaltmaqla özünü yüksək tutub başqalarında isə nöqsan axtarmağa alışdırar.
Qeybətin fərdi zərərindən başqa, ictimai zərəri də vardır. Belə ki qeybət insanlar arasındakı səmimi münasibətləri məhv edərək dedi-qodu, inciklik, küskünlük kimi arzuedilməz nəticələrə gətirib çıxarır. Qeybət olan ailələrdə, dost-tanış, qohum-qardaş arasında, cəmiyyətdə asayiş, sevgi, birlik olmaz. Hamı bir-birindən şübhələnər, bir-birinə güvənib səmimi söz danışmaz. Hal-əhval tutduğunuz adamlar sizdən ayrılanda içinizdə şübhə, tərəddüd hakim olar. “Görəsən, mən gedəndən sonra arxamca nə danışdılar? Necə qeybət etdilər?” kimi düşüncələr sizin rahatlığınızı əlinizdən alar. Gərəksiz yerə başqalarına qarşı mənfi hisslər oyadar.
Bir gün bir ağsaqqal evdə oturub qonağı ilə söhbət edirmiş. Qonaq qalxıb evdən çıxdıqda ağsaqqalın xanımı:
– Bah, bunun boyu necə balaca imiş! – deyir.
– Bax qeybət etdin! – deyə ağsaqqal onu xəbərdar edir.
– Mən ki olanı dedim?! – deyə xanımı təəccüblənir.
– Olmayanı desəydin, iftira etmiş, böhtan atmış olacaqdın, – deyə ağsaqqal cavab verir.