İnsan özünün mənfi cəhətləri ilə həmişə mübarizə aparmalıdır. Əgər insan özünün səhv hərəkətlərini, xarakterindəki mənfi cəhətləri başa düşmürsə, onları təhlil etmirsə, o, özünü tərbiyə edə bilməz, gələcək inkişafını təmin etməz.
İnsanın hiss və duyğuları içərisində fikir və düşüncə mühüm yer tutur. Belə ki insanın düşüncəsinin onun davranışına təsir etdiyini bilirik. Bəs insanın davranışına təsir edən başqa hansı amillər vardır?
İnsan bioloji, psixoloji, sosial və mənəvi varlıqdır. O, bioloji varlıq kimi mürəkkəb olduğu qədər, mənəvi varlıq olaraq da zəngin keyfiyyətlərə malikdir.
Mənəvi varlıq olaraq bizim ağlımız, sevgi, məhəbbət, qəzəb, qısqanclıq və s. kimi bir çox hiss və duyğularımız vardır. Bu hiss və duyğularımızın bir qismi bizim davranışlarımıza təsir edir.
Bu sadalananlar içərisində ağlın, qəzəbin və istəyin özünəməxsus yeri vardır. Gəlin növbə ilə onlara nəzər salaq.