Görürsünüzmü, sevgi, hörmət hissi hər kəsdə var, ancaq hamı bu hissləri düzgün idarə etməyi bacarmır. Buna görə də biz, ilk növbədə, öz düşüncələrimizdən başlamalı, həmişə müsbət düşünməliyik.
İnsanlar bir şəxs, bir əşya və ya bir hadisə haqqında həm müsbət, həm də mənfi düşünə bilərlər. Mənəvi qaynaqlarımız da insanların həmişə, hər zaman gözəl düşünmələrini tövsiyə edir.
Səhər məktəbə gələndə sinfin pəncərəsinin sındığını görürük. Sinif yoldaşlarımızdan biri dünən sinifdən sonuncu Akifin çıxdığını deyir və şüşənin onun tərəfindən sındırılması ehtimalını irəli sürür.
Akif şüşənin sınmasından xəbəri olmadığını deyir. Yoldaşlarından bir qismi Akifə inanır, bir qismi isə qəlbindəki tərəddüdü qova bilmir, ürəklərində bir şübhə qalır. Bu şübhə qanad açıb sinfi dolaşır. Biri Akifin qorxub etiraf etmədiyindən, digəri xidmətçi qadından, başqası keşikçidən, bir başqası da dünən həyətdə futbol oynayan qonşu sinfin oğlanlarından şübhələnir. Beləliklə, adi əhvalat barədə bir ehtiyatsız söz neçə qəlbi yaralayır.
“Mən inanıram ki, bu onun əməlidir” kimi qəti ifadə insana hörmət yox, alçalma və peşmançılıq gətirər.
Siz də bilmədiyiniz, gözünüzlə görmədiyiniz bir hadisə haqqında qəti qərar verməyin. Hər şeyə şübhə ilə yanaşmayın.