Hindistanda keçirilən Mendi mərasimi hind mədəniyyətinin tərkib hissəsidir. Yəqin ki, siz hind filmlərinə baxmısınız. Burada hind xalqının özünəməxsus adət-ənənələrini də görmüsünüz. Ən çox musiqi və rəqslərlə əhatə olunan bu ənənələrin özünəməxsus dini kökləri vardır.
Təkcə Hindistan deyil, digər ölkələrlə də maraqlansanız, görərsiniz ki, bu ölkələrin adət-ənənələri və mədəniyyətləri, əslində, sitayiş etdikləri dinlərdən təsirlənərək inkişaf etmişdir.
Bütün dinlər insanları əxlaqlı olmağa dəvət edir. Əxlaqi dəyərlərə "Qurani-Kərim"də də çox yer verilmişdir. Burada insanlar gözəl əxlaqa, yüksək ədəbə dəvət edilir. Müqəddəs kitabda elmə, təhsilə əhəmiyyət verilmiş və ağılla hərəkət edərək elmi həqiqətlərə çatmağın yolu göstərilmişdir.
Azərbaycanda din dövlətdən ayrıdır. Buna baxmayaraq, dini-mənəvi dəyərlər xalqın mənəviyyatı və mədəniyyəti ilə sıx bağlılıq təşkil edir. İslami dəyərlər əxlaqlı, namuslu, xeyirxah olmağı, qeybət və pis vərdişlərdən uzaq olmağı aşılamaqla insanlarda mədəniyyətin formalaşmasına öz təsirini göstərir.
Ulu öndər Heydər Əliyev milli-mənəvi və İslam dininin dəyərlərini Azərbaycan xalqının sərvəti hesab edirdi.