Ermənistan hərbi qüvvələrinin torpaqlarımızın 20%-ni işğal etməsi tarixi mədəniyyət abidələrimizin dağıdılması ilə nəticələnmişdir. İşğal nəticəsində yüzlərlə tarixi abidə və muzey məhv edilmişdir. Ermənistan tərəfindən tarixi abidələrimizə qarşı bu münasibət “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına ziddir.
Nəhayət, Azərbaycan ordusu 44 günlük müharibədə tarixi qələbə əldə etdi. Azərbaycan xalqı bu müharibədə həm də mənəvi qələbə çaldı.
Keçmişimizi unutmayıb 20 Yanvar, Xocalı faciəsi, eləcə də Qarabağ uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizi və onların qəhrəmanlıqlarını gələcək nəsillərə çatdırmaq bizim mənəvi borcumuzdur.
Mənəvi borclarımızdan biri də dinlə bağlıdır. Müxtəlif dinlərə sitayiş edən insanlar öz dini inanclarına uyğun mərasim keçirir və ayinlərə əməl edirlər. Bütün dinlər insanlara bir-birini sevməyi, zərərli vərdişlərdən uzaq durmağı aşılayır.