Sınıqlar. Sümük sınıqları iki cür olur: açıq və qapalı. Adətən, açıq sınıq zamanı sınmış sümüklər şiş uclu və iti olur. Onlar əzələ, qan damarları, sinirləri və dərini kəsir. Belə olduqda yaranı təmizləmək, qanaxmanı dayandırmaq, üzərinə təmiz sarğı və şina* qoyub tərpənməz hala gətirmək lazımdır. Qapalı sınıqlar zamanı da şinalar qoyulur. Şinalar qoyularkən elə etmək lazımdır ki, ən azı iki oynaq əhatə olunsun.
Ancaq bəzən elə sınıqlar olur ki, ona şina qoymaq olmaz. Qabırğalar, onurğa sütunu, kəllə sümükləri sındıqda şina qoyulmur.
Qanaxmalar. Qan damarlarının zədələnməsi qanaxmalara səbəb ola bilər. Qanaxma zəifdirsə, yaranın ətrafına yod çəkib bağlamaq, bəzən isə basıcı sarğı qoymaq kifayətdir. Ən təhlükəli qanaxma arterial qanaxmadır. Bu zaman zərərçəkən bir neçə dəqiqə ərzində çox miqdarda qan itirə bilər. İlk tibbi yardım zamanı dərhal zədələnmiş yer zədədən yuxarı hissədən turna, burulmuş parça, bel kəməri, rezin və s. ilə möhkəm sıxılmalı, xəstə təcili xəstəxanaya çatdırılmalıdır. Turnanın bağlandığı vaxt qeyd edilməlidir. Çünki turna çox qalarsa, ətrafa qan işləməz və toxumalar məhv olar.
* Şina - bədənin zədələnmiş və sınmış hissəsini hərəkətsiz saxlamaq üçün qoyulan bərk qoruyucu örtük (vasitə)