Nazim və Samir dənizdə çimirdilər. Hava küləkli olduğu üçün çimərlikdə çox az adam qalmışdı. Nazim Samiri evə getmək üçün çağırmaq istədi. Ancaq o gördü ki, Samir suya batıb-çıxır. Nazim boğulmaqda olan Samiri çox çətinliklə sahilə çıxardı. Samir huşunu itirmişdi.
Bu zaman Nazim nə etməli idi?
Təbii, texnogen xarakterli fəlakət və qəzalar zamanı necə davranmalı olacağınız artıq sizə məlumdur. Ancaq qəzalardan nə qədər qaçmağa çalışsaq da, çox vaxt müxtəlif təhlükəli vəziyyətlərlə rastlaşırıq. Hər hansı bir zədələnmə zamanı həkim gələnə qədər göstəriləcək ilk tibbi yardımın böyük əhəmiyyəti vardır. Əzilmə, burxulma, çıxıq və sınıqlar, yanıqlar, qanaxmalar, huşun itməsi, müxtəlif zəhərlənmələr və s. hallar zamanı özünü itirmək zərərçəkənin vəziyyətinin bir qədər də ağırlaşmasına səbəb ola bilər. Bəs belə hallar zamanı nə etməli?
Burxulma və çıxıqlar insanın oynaqlarında baş verən zədələnmələrdir. Burxulma zamanı zədələnmiş yerə buz, yaxud soyuq suda isladılmış dəsmal qoyulur. Burxulmuş nahiyə möhkəm sarğı ilə sarınır. Çıxıq zamanı oynaq başı oynaq çuxurundan çıxır. Çıxığı yerinə salmağa çalışmayın, onu tərpənməz vəziyyətə gətirin. Əks halda ətraf toxumalar da zədələnə bilər.